Hindistanlılar üçün “Azərbaycan toy destinasiyası kimi” mövzusunda onlayn vebinar keçirilib

16:15 15.05.2020
Mayın 14-də Azərbaycan Turizm Bürosu və qurumun toy turizmi üzrə Hindistandakı tərəfdaşı “Chapter 2 Events” şirkəti tərəfindən onlayn vebinar təşkil edilib.
 
Vebinarda Hindistanın bu sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri və Azərbaycanın turizm sektorunun üzvləri iştirak ediblər.
 
“Azərbaycan toy destinasiyası kimi” mövzusunda baş tutan vebinara ümumilikdə 170-dən çox iştirakçı qatılıb.
 
Azərbaycan Turizm Bürosunun Cənubi Asiya regionu üzrə meneceri Rövşən Rəhimovun moderatorluğu ilə keçirilən onlayn müzakirələrdə iki ölkənin toy təşkilatçıları, Hindistan vətəndaşlarının toy mərasimi və bal ayı planlaşdırarkən üstünlük verdikləri Azərbaycan hotellərinin baş menecerləri iştirak ediblər.
 
Eyni zamanda vebinara toylarını ölkəmizdə etmiş 2 hindistanlı cütlük də qoşularaq iştirakçılarla təcrübələrini və xoş təəssüratlarını bölüşüb.

Yerli hotellərin baş menecerləri hazırkı vəziyyətlə əlaqədar tətbiq olunan sanitariya və gigiyena normaları, təhlükəsizlik standarları, qonaqların məmnunluğunu artırmaq üçün əlavə tədbirlər, xidmət sektorunda fərdiləşdirmə siyasəti və s. haqda məlumat veriblər.
 
Müzakirələr çərçivəsində, həmçinin COVID-19 pandemiyasının turizm sektoruna, toy təşkilatçılığı qiymətlərinə təsiri, mövcud şərtlər nəzərə alınmaqla gələcək planlar və digər mövzular barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, Hindistan vətəndaşları il ərzində xarici ölkələrdə toy mərasimlərini keçirməyə təxminən 50 milyard dollar vəsait xərcləyirlər.
Bu seqment öz növbəsində Azərbaycan Turizm Bürosunun Hindistanın turizm bazarı üzrə prioritet istiqamətlərindən biridir.