İyulun 11-də Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən İşgüzar Tədbirlər Sənayesi Alyansının rəsmi təqdimatı keçirilib.
Tədbirdə Alyans üzvü olan kiçik və irimiqyaslı işgüzar tədbirlər keçirmək imkanına malik 50-yə yaxın hotel, məkan, aviaşirkət və turoperatorun 70-dən çox nümayəndəsi iştirak edib.
Onlara Alyansın fəaliyyət istiqamətləri və Azərbaycanda işgüzar turizminin inkişafına dair gələcək planlar barədə ətraflı məlumat verilib.
Beynəlxalq tədbirlərin və biznes görüşlərinin Azərbaycanda keçirilməsinin ölkənin işgüzar turizm potensialının önə çəkilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi iştirakçıların diqqətinə çatdırılıb.
Gələcək fəaliyyətlərdə sənaye iştirakçıları ilə qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanıb.