Dekabrın 22-də Dövlət Turizm Agentliyi, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və “Təmiz Dünya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə hotel, turoperator və turagentlərin nümayədələri üçün insan alveri ilə mübarizə, insan alveri qurbanlarının müəyyən edilməsi qaydaları haqqında maarifləndirmə təlimi təşkil edilib.
Təlimdə insan alveri anlayışı və onun formaları, mübarizə üzrə rəhbər tutulan normativ-hüquqi aktlar, İnsan Alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi, qurbanların müəyyən edilməsinin indikatorları, qurban olmaq riskinin qarşınının alınması və belə şəxslərin mənafelərinin qorunması məqsədilə qabaqlayıcı tədbirlərin hazırlanması mövzuları müzakirə olunub.
Mövzularla bağlı iştirakçıların maraq doğuran sualları cavablandırılıb, onlara məlumatlandırıcı broşürlər və bukletlər paylanılıb.
Təlim Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi üzrə tədbirlər planının 4.7.1 və 4.7.2-ci yarımbəndlərinin icrası məqsədi ilə keçirilib.