İspaniyada Azərbaycanın işgüzar turizm imkanları tanıdılır

11:36 21.11.2019
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri İspaniyada keçirilən “IBTM World” sərgisində iştirak edir.
 
Sərgidə Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilə birlikdə Bakı Konqres Mərkəzi, həmçinin 10-a yaxın turizm şirkəti təmsil olunur.
 
19 noyabrdan start götürən sərgi çərçivəsində B2B (Biznesdən-biznesə) formatında görüşlər keçirilib, Azərbaycanın işgüzar turizm potensialı barədə təqdimatlar nümayiş edilib.

İşgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri sayılan “IBTM World”də iştirak etməkdə məqsəd Azərbaycanın işgüzar turizm imkanlarını tanıtmaq, təbliğ etmək və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye iştirakçılarının sayını artırmaqdır.
 
Qeyd edək ki, 1987-ci ildən bəri hər il keçirilən “IBTM World” ən əhəmiyyətli beynəlxalq sərgilərdən biri hesab olunur və işgüzar tədbirlər sənayesində fəaliyyət göstərən 15 mindən çox mütəxəssisi bir araya gətirir.
 
Məlumat üçün bildirək ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkədə işgüzar turizmin inkişaf etdirilməsi istiqamətində aktiv iş aparılır.
 
Həmçinin ölkəyə böyükmiqyaslı tədbirlərin cəlb olunması məqsədilə müxtəlif dövlət qurumları və özəl qurumlarla əməkdaşlıq edilir.