“İsraildə Azərbaycanın turizm nümayəndəliyinin açılışı Azərbaycan və İsrail arasında turizm əlaqələrinin inkişafına təkan verəcək”.
Bu haqda Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev martın 30-da İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı mərasimində bildirib.
Tədbirdə çıxış edən Agentlik sədri nümayəndəliyin fəaliyyətinin İsraildə Azərbaycan haqqında məlumatlılığın artmasına və ikitərəfli turizm əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib.
Fuad Nağıyev iqtisadi və strateji amillərlə yanaşı, xalqlarımız arasında mədəni-tarixi əlaqələrin, qarşılıqlı dostluq və anlaşmanın turizm münasibətlərinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Azərbaycanın çoxsaylı etnik qrupların birlikdə yaşadığı tolerant və multikultural ölkə olduğunu vurğulayan Fuad Nağıyev azərbaycanlılar və yəhudilərin əsrlər boyu bir yerdə yaşayaraq ortaq dəyərlər yaratdıqlarını, yəhudi irsinin bu günədək Bakı, Quba, İsmayıllı, Oğuz və digər rayonlarda qorunub saxlanıldığını, Qubada yerləşən Qırmızı Qəsəbənin dünya üzrə İsraildən kənarda dağ yəhudilərinin kompakt şəkildə yaşadığı yeganə yer olduğunu qeyd edib.
Agentlik sədri israilli turistlərin tezliklə işğaldan azad olunmuş Qarabağa da səfər edə biləcəklərinə inamını ifadə edib.
Tədbirdə çıxış edən İsrailin turizm naziri Yoel Razvozov bildirib ki, 2021-ci ilin avqust ayında Azərbaycanın ticarət nümayəndəliyinin, eləcə də turizm nümayəndəliyinin açılması, indi isə Təl-Əviv ofisinin açılışı Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, turizm əlaqələrinin genişlənməsinə xidmət edəcək.
Səfər çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyi ilə İsrail Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
Sazişə əsasən, tərəflər turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin turizm idarəetmə orqanları, turizm assosiasiyaları, təşkilatları və müvafiq şirkətləri arasında əlaqələrin qurulmasını, o cümlədən tarixi, rəqəmsal, ekoloji, macəra turizmi üzrə əməkdaşlığı genişləndirmək, mədəni irs və dini məkanlara səyahətləri təşviq etmək öhdəliyi götürürlər.
Bundan əlavə, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti 29-30 martda Təl-Əvivdə baş tutan “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2022) sərgisində iştirak edib.
Sərgidə “Azərbaycan Hava Yolları” QSC, Dağ Yəhudiləri Muzeyi, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və digər 9 yerli tərəfdaşla birlikdə təmsil olunan nümayəndə heyəti tərəfindən Azərbaycanın turizm imkanları, o cümlədən Qarabağın turizm potensialı nümayiş etdirilib.
Sərgi çərçivəsində müvafiq tərəfdaşlarla yeni əlaqələr yaratmaq və yaxın gələcəkdə İsraildən daha çox turisti qarşılamaq istiqamətində əməkdaşlıq etməklə bağlı görüşlər keçirilib.
Sərgi zamanı İsrailin turizm naziri Yoel Razvozov Azərbaycan milli stendini ziyarət edərək təqdim olunan turizm məhsulları ilə tanış olub.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən tarixi yəhudi irsinin turizm potensialının inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu irs üzrə turizm marşrutu hazırlanıb, həmçinin İsrailin Azərbaycandakı Səfirliyi ilə birlikdə Quba rayonunda yerləşən Qırmızı qəsəbədə dağ yəhudilərinin sıx yaşadığı ərazidə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi istiqamətində işlər görülüb.
2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib. Bu da 2018-ci il ilə müqayisədə 17.3% artım demək idi. Pandemiya dövründə bu say kəskin azalsa da, 2021-ci ildə sərhədlərin tədricən açılması ilə davamlı şəkildə artmağa başlayıb.