26-30 noyabrda Lüksemburqda keçirilən Dünya Kulinariya Kuboku və 14-cü Beynəlxalq “Expogast” Qastronomiya Festivalında ilk dəfə olaraq Azərbaycanın qastronomik turizm imkanları nümayiş etdirilib.
Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə milli stenddə azərbaycanlı aşpazlar tərəfindən milli mətbəx nümunələrinin müasir kulinariya metodları əsasında hazırlanmış və yenilənmiş versiyaları təqdim edilib. "Gəlin birləşək!" şüarı ilə keçirilən qida nümayişləri beynəlxalq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Stenddə qastronomiya daxil olmaqla, Azərbaycanın müxtəlif turizm növləri üzrə potensialını əks etdirən vizual görüntülər nümayiş etdirilib, məlumat broşürləri paylanılıb.
“Vatel Club Luxembourg” tərəfindən təşkil edilən Dünya Kulinariya Kubokunda 5 gün ərzində 100-dən çox beynəlxalq komanda müxtəlif mükafatlar uğrunda mübarizə aparıb.
Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) akkreditasiya etdiyi unikal platforma 8 mindən çox peşəkar aşpazı özündə birləşdirməklə qastronomiyada yeni hərəkatları və tendensiyaları təqdim edir.
Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) akkreditasiya etdiyi unikal platforma 8 mindən çox peşəkar aşpazı özündə birləşdirməklə qastronomiyada yeni hərəkatları və tendensiyaları təqdim edir.
Tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynovanın Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin idarə heyətinin rəhbəri Tomas Quqlerlə görüşü baş tutub.Təşkilatla əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşün Tomas Quqlerə Qarabağ xalçaçılıq məktəbinə aid Malıbəyli xalçası hədiyyə edilib.
Həmçinin Sinqapur Aşpazlar Assosiasiyasının rəhbərliyi ilə keçirilən görüşdə “Singapore 2024 Culinary EXPO” tədbirində Azərbaycanın təmsil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.