Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə avqustun 24-dən etibarən ölkə üzrə monitorinqlərə start verilib.
Monitorinqlərdə Dövlət Turizm Agentliyinin nümayəndələri ilə yanaşı, aidiyyəti dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları da iştirak edir.
Bu məqsədlə artıq Bakıda və regionlarda yerləşən mehmanxanalarda hər bir hotel üzrə məsul şəxs təyin edilib və həmin şəxslərə əvvəlcədən təlimlər keçirilib.
COVID-19-la mübarizə çərçivəsində işçilərinin və qonaqların sağlamlığının qorunması məqsədilə hotellərdə monitorinq aparan şəxslər üçün də xüsusi təlimlər təşkil olunub.
Bununla yanaşı, işçi heyətin və qonaqların təhlükəsizlik məqsədilə tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsində yardımçı olmaq üçün Turizm Könüllüləri Təşkilatının üzvləri monitorinq prosesinə cəlb olunub. Turizm könüllüləri, həmçinin hotellərdə qonaqları riayət etməli olduqları davranış qaydaları, profilaktik və preventiv tədbirlər haqqında məlumatlandıracaqlar. Bu məqsədlə turizm könüllüləri üçün də təlimlər təşkil edilib.
Qeyd olunan qaydaların tələblərinə riayət edən mehmanxanalar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin ediləcək.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nda nəzərdə tutulmuş tələblərin icrası məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesinin nümayəndələri üçün məlumatlandırıcı və xəbərdaredici broşur və plakatlar hazırlanıb. Plakatları buradan yükləmək mümkündür.