İyunun 21-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Quba Destinasiya Menecmenti Təşkilatının ictimaiyyətə təqdimedilmə mərasimi baş tutub.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Agentliyin regional turizmə böyük önəm verdiyini və regionlarda turizmin inkişaf etdirilməsinin əsas məqsədlər sırasında olduğunu diqqətə çatdırıb.
İlk pilot layihə olaraq Destinasiya Menecmenti Təşkilatı üçün Quba və Qusarın seçilməsinin təsadüfi olmadığını, bu rayonların Azərbaycana gələn turistlərin ən çox üz tutduğu rayonlar sırasında yer aldığını bildirən Agentlik sədri layihənin davamı olaraq Şəkidə də Destinasiya Menecmenti Təşkilatının açılışının baş tutacağını bildirib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid tədbirdə çıxış edərək, gələcəkdə turizm potensialı yüksək olan digər rayonlarda da bu növ idarəetmə modellərinin tətbiqinin planlaşdırıldığını qeyd edib.
O, həmçinin cənub bölgəsində Lənkəran, qərb bölgəsində isə Gəncə şəhərində Destinasiya Menecmenti Təşkilatının fəaliyyətə başlayacağını açıqlayıb.
Destinasiya Menecmenti Təşkilatları regionların turizm potensialını daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərəcək.
Həmçinin qeyd olunan təşkilatlar yerli səviyyədə dövlət, özəl sektor və əhali arasında əlaqələrin qurulması və insan resurslarının inkişaf etdirilməsi və standartların hazırlanmasına xidmət edəcək.