Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etdirmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.
“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Astara rayonundan bəhs olunub.
Astara buraxılışında rayonun tarixi, özünəxas milli mətbəxi, müxtəlif fəsillərdə görünüşü, ekoturizm potensialı, Talış dağları, Astara bulvarı, Ərçivan kəndindəki “Yanar bulaq”, “Ləm”adlanan evlər, Sım kəndi, Hamoşam kəndi, Bi yaylağı, Şindan qalası, Qala Kafu, Şi şəlaləsi, həmçinin digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat təqdim olunub.
Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.
“REAL Vətən” layihəsinin növbəti buraxılışı Gəncə şəhərinə həsr olunacaq.
Astara buraxılışının videosunu təqdim edirik: