Fevralın 1-də “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) startap proqramının finalçılarından ilk üç yerin sahibi onlayn tədbirdə mükafatlandırılıb.
Belə ki, 1-ci yerin qalibi Şəki rayonunda elektron musiqi festivalı ideyası ilə “VOİD” layihəsi, 2-ci yerin qalibi Göygölün və digər turizm zonalarının VR sistemi ilə izlənilməsini həyata keçirmək ideyası ilə “Pəncərə” layihəsi, 3-cü yerin qalibi isə səyyar formada sənətkarlığın təbliği ideyası ilə “Səyyar sənətkarlıq emalatxanası” layihəsi olub.
Belə ki, 1-ci yerin qalibi Şəki rayonunda elektron musiqi festivalı ideyası ilə “VOİD” layihəsi, 2-ci yerin qalibi Göygölün və digər turizm zonalarının VR sistemi ilə izlənilməsini həyata keçirmək ideyası ilə “Pəncərə” layihəsi, 3-cü yerin qalibi isə səyyar formada sənətkarlığın təbliği ideyası ilə “Səyyar sənətkarlıq emalatxanası” layihəsi olub.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid layihənin əsas məqsədinin turizm sahəsində innovativ ideyaların dəstəklənməsi, bu ideyaların uğurlu bizneslərə çevrilməsi və daha da genişləndirilməsi işinə hərtərəfli köməkliyin göstərilməsi olduğunu deyib. Baş icraçı direktor layihənin regionlarda turizmin təşviq edilməsinə və inkişafına təkan verəcəyini, eyni zamanda müxtəlif çeşidli yeni turizm məhsullarının yaranmasına dəstək olacağını bildirib.
Onlayn tədbirdə, həmçinin Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvartz da iştirak edib və layihənin iqtisadiyyat və turizm üçün vacib məqsədlər daşıdığını qeyd edib.
Regionlarda turizm startaplarının dəstəklənməsi, eləcə də regional turizmə investisiyaların cəlb edilməsinin təmini məqsədini daşıyan proqram Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşəbbüsü, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) icra etdiyi “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramının dəstəyi ilə həyata keçirilib.
Proqram çərçivəsində 4 regiondan 8 müxtəlif klaster üzrə təqdim olunan 270-dən çox müraciətdən 28 layihə ideyası inkubasiya mərhələsinə seçilərək Quba, Şəki, Gəncə və Lənkəranda keçirilən təlimlərə cəlb edilib.
İştirakçılar turizm, sahibkarlıq, səmərəli startap metodları, maliyyə və marketinq modulları üzrə əhatəli və ən müasir təlim materialları ilə təmin edilib. Təlimlər DTA və ATB nümayəndələri, yerli destinasiya menecment təşkilatlarının nümayəndələri, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) iştirakı ilə keçirilib.
“RİTM” proqramı çərçivəsində ölkə üzrə finala yüksələn 10 startap layihəsi münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk üç yer üzrə seçilən qaliblərə bizneslərinin inkişafı məqsədi ilə müvafiq olaraq 10000 AZN, 5000 AZN və 2500 AZN mükafat təqdim olunub.
Layihənin tərəfdaşları qismində “Paşa Holding”, Azərbaycan Hotel Assosiasiyası, Azərbaycan Turizm Bələdçilər Assosiasiyası və “PricewaterhouseCoopers” (PWC) şirkəti iştirak edib.
Proqramın növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.