Rusiyada Azərbaycanın qış turizmi imkanları tanıdılır

18:02 29.10.2019
Oktyabrın 29-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Rusiyanın Moskva şəhərində “Qış mövsümündə Azərbaycanda turizm imkanları” mövzusuna həsr olunmuş seminar keçirilib.
 
Seminarda Rusiyanın 100-ə yaxın turoperatoru, turagenti və turizm sənayesinin nümayəndələri iştirak ediblər.
 
“Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi xizək kurortlarının nümayəndələri tərəfindən Azərbaycanın qış turizmi imkanları, dağ-xizək mərkəzlərində təqdim olunan xidmətlər haqqında ətraflı məlumat verilib.
 
Tədbirdə həmçinin Qəbələdəki sağlamlıq və özünübərpa turizmi üzrə fəaliyyət və xidmətlərindən danışılıb, Qəbələ şəhərinin qədim müalicə adət-ənənələrindən və sanatoriyalarından bəhs olunub.
 
Tədbir çərçivəsində vurğulanıb ki, rusiyalı turistlərin qış aylarında istirahət destinasiyası olaraq seçdikləri ölkələr arasında Azərbaycan ilk sıralardadır, həmçinin dekabr ayından mart ayınadək davam edən qış turizm mövsümündə ölkəmizə gələn Rusiyadan olan ziyarətçilərin sayı ildən-ilə artmaqdadır.
 
Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Moskvada Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.
 
2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən rusiyalı turistlərin sayı 724730 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 5.31 % artım deməkdir.