Rusiyalı turistlər üçün müsabiqə keçirilir

11:41 25.12.2019
Azərbaycan Turizm Bürosu tərəfindən Rusiyanın məşhur https://sletat.ru onlayn platforması ilə birgə onlayn kampaniyaya start verilib.

Kampaniya çərçivəsində Azərbaycanın turizm potensialını tanıtmaq və rusiyalı turistləri mövcud turizm imkanları ilə tanış etmək məqsədilə müsabiqə keçirilir.

Müsabiqəyə əsasən paytaxtın əsas turizm məkanları, xizək kurortları, sağlamlıq turizmi mərkəzləri və qastronomik turizm nümunələrinin hər birindən ən azı birini seçməklə individual turizm marşrutu hazırlamaq mümkündür. 

Müsabiqə çərçivəsində ölkənin müxtəlif bölgələrində yerləşən turistik mərkəzlər, Şahdağ və Tufandağ kimi xizək kurortları, Zaqatala və Göy göl qoruqları, Hirkan Milli Parkı, Batabat gölü kimi təbiət turizmi nümunələri, Milli Xalça Muzeyi, İçərişəhər, Atəşgah, Nizami küçəsi, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi kimi paytaxtın turistik məkanları, Naftalan, Qalaaltı, Duzdağ, həmçinin Qəbələ, Lənkəran və Lerikdə yerləşən müalicəvi turizm imkanları seçim olaraq təqdim olunur. 

Yanvar ayının 31-nə kimi davam edəcək müsabiqədə iştirak etmək üçün əsas şərt https://sletat.ru/special/azerbaijan/ səhifəsinə daxil olaraq qeyd olunan məkanlar arasında seçim etməklə turizm marşrutu hazırlamaq və sosial şəbəkələrdə paylaşmaqdır. Müsabiqənin sonunda 3 təsadüfi qalib seçilərək aviabilet, hotel, transfer, xizək keçid bileti daxil olmaqla Azərbaycana səfər ilə mükafatlandırılacaq.

Qaliblərin siyahısı https://sletat.ru saytında və saytın “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində elan olunacaq.

Xatırladaq ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən rusiyalı ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisə 49 min nəfər və ya 6% artaraq 866 min nəfər təşkil edib.