Avqustun 27-də Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası (WFTGA) tərəfindən “Dünya ölkələrinin nümunəsində pandemiya dövründə təlimçi və bələdçi fəaliyyəti” mövzusunda onlayn seminar təşkil edilib.
55 ölkədən beynəlxalq təlimçilərin qatıldığı seminarda ölkəmizi Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının həmtəsisçisi və Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova təmsil edib.
Təqdimatda karantin dövründən sonra turistlərin gigiyena və sağlamlıq təhlükəsizliyi normaları ilə bağlı gözləntilərinin qarşılanması, təhlükəsiz turizm ölkəsi imicini formalaşdırmaq məqsədilə turizm və qonaqpərvərlik sənayesi üçün tərtib olunan “SAHMAN” proqramı haqqında ətraflı məlumat verilib.
Bələdçi peşəsində xidmət keyfiyyəti saxlanılmaqla post-pandemiya standartlarına peşəkar şəkildə adaptasiyasını təmin edən “SAHMAN” proqramının standartlar toplusu Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının İdarə Heyəti tərəfindən yüksək qiymətləndirilib. Proqramın praktikliyi və innovativ meyarlara söykənməsi əcnəbi mütəxəssislərin də marağını cəlb edib.
Seminarda, həmçinin ilk dəfə onlayn təmasə üstünlük verilən, UNESCO və UNWTO kimi beynəlxalq turizm təşkilatları ilə birgə hazırlanan beynəlxalq standartlı bələdçi təlimlərinin hibrid edilmiş proqramı da təqdim edilib.