Dekabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünün açılışı ilə əlaqədar olaraq KİV nümayəndələri üçün press-tur təşkil olunub.
Press-tur çərçivəsində keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin nümayəndələri və “Şahdağ” Turizm Mərkəzinin rəhbərliyi jurnalistlərin maraq doğuran suallarını cavablandırıblar.
Media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar, yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılıblar.
Onlara press-tur çərçivəsində kompleksdə yerləşən iaşə obyektləri: 4 hotel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqda informasiya verilib.
Ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turun əsas məqsədi ictimaiyyəti “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, eləcə də mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında məlumatlandırmaqdır.