Dövlət Turizm Agentliyinin tabeliyindəki "Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə Bakı və Abşeron rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün tədbir keçirilib.
“Mənim atam qəhrəmandır, mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində təşkil olunan sosialyönümlü tədbirdə 200-ə yaxın Vətən müharibəsi şəhidinin ailə üzvləri iştirak edib.
3 günlük tədbir çərçivəsində şəhid ailələri üçün kompleks ərazisinə ekskursiya təşkil edilib, müxtəlif atraksionlardan, kanat xətlərindən istifadə imkanı yaradılıb, eləcə də təlimçilər tərəfindən xizəksürmə vərdişləri və texnikası öyrədilib, tanınmış müğənnilərin iştirakı ilə musiqili-əyləncəli proqramlar təşkil edilib.
Həmçinin Vətən müharibəsi şəhidlərinin uşaqları üçün interaktiv oyunlar keçirilib, taxta fiqurların rənglənməsi və kulinariya üzrə master-klaslar təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizlərə əmanəti olan övladlarını sevgi və qayğı ilə əhatə etmək, diqqət və qayğıdan kənar saxlamamaq, onlara xoş və yaddaqalan günlər bəxş etməkdir.
Qeyd edək ki, sayca 4-cü dəfə təşkil olunan sosialyönümlü tədbirin davamı olaraq 2024-cü ildə "Şahdağ” Turizm Mərkəzi tərəfindən bu formatlı daha 2 tədbirin keçirilməsi nəzərdə tutulub.