Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti ölkənin turizm potensialının irimiqyaslı təbliğatı məqsədilə 16-18 yanvarda Hindistanda Nyu-Dehli şəhərində keçirilən “SATTE 2019” beynəlxalq sərgisində iştirak edir.
Sərgidə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun mütəxəssisləri ilə yanaşı Azərbaycan Hava Yolları, Heydər Əliyev Hava Limanı, Bakı Turizm İnformasiya Mərkəzi, müxtəlif turizm şirkətləri və hotellərin nümayəndələri daxil olmaqla ümumilikdə 19 qurum təmsil edir.
Hindistanın Turizm Nazirliyi və BMT-nin Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə keçirilən sərgi 26 ildir ki, Cənubi Asiyanın ən böyük səyahət və turizm sərgisi olaraq dünyanın müxtəlif ölkələrindən turizm və hotelçilik sahəsində olan şirkətlərin mütəxəssislərinin təcrübələrini bölüşdüyü platformadır.
Dünyanın 40-dan çox ölkəsindən 1000-dən çox iştirakçının öz turizm imkanlarını nümayiş etdirdiyi sərgi keçən il 30 000 ziyarətçi qəbul edib.