Turizm brendi üzrə Azərbaycan Brend Mərkəzi platforması yaradılıb

11:50 07.07.2020
Azərbaycan Turizm Bürosu tərəfindən peşəkar dizaynerlər və "Azərbaycan: Bir daha bax" konsepsiyası barədə daha geniş məlumat axtarışında olanlar üçün Azərbaycan Brend Mərkəzi platforması yaradılıb.
 
Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən platformada istifadəçilərə brendin tarixçəsi barədə məlumat verilməklə yanaşı, bu brendə daxil olan elementlərin müxtəlif formaları ilə tanış olmaq, məlumatları müxtəlif vizuallıqlarda əldə etmək imkanı təqdim olunur.
 
İstifadəçiləri Azərbaycanın turizm loqosunun fərqli versiyalarını hazırlamaq üçün texniki biliklərlə təmin edən platforma vasitəsilə, həmçinin mövcud brend elementlərini də yükləmək mümkündür.
 
Bundan başqa, veb-sayta mütəmadi olaraq yenilənəcək foto və video baza da daxildir.
 
Veb-saytın imkanlarından istifadə etmək üçün https://azerbaijanbrandcenter.com/user/login keçidinə daxil olaraq onlayn qeydiyyatdan keçmək tələb olunur.
 
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Brend Mərkəzinin yaradılmasını peşəkar, eləcə də həvəskar dizaynerlərin brend ideyasının ərsəyə gətirilməsi və dizayn bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı biliklərə yiyələnə bilməsi baxımından uğurlu addım kimi qiymətləndirib. O qeyd edib ki,  “Azərbaycan: Bir daha bax” brendi ideyasının uğur qazanmasının səbəblərindən biri onu dəstəkləyən vizual vasitələrin uğurlu seçimi olub.
 
Xatırladaq ki, “Azərbaycan: Bir daha bax” qlobal marketinq kampaniyası ilk dəfə 2018-ci ilin noyabr ayında Londonda keçirilən “World Travel Market” sərgisində dünya ictimaiyyətinə təqdim edilib. Azərbaycanın yeni turizm brendi  bu günədək 15 ölkədə keçirilmiş 30-a yaxın beynəlxalq sərgi və təqdimatlarda ölkənin turizm imkanlarının yeni tərzdə çatdırılmasında önəmli rol oynayaraq 20-dən çox beynəlxalq mükafata layiq görülüb.