Turizm Günü çərçivəsində 60-a yaxın hotel təmsilçisi bir araya toplaşdı

19:08 27.09.2019
Sentyabrın 27-də Azərbaycan Hotel Assosiasiyasının təşkilatçılığı ilə “Destinasiya marketinq trendləri, çağırışlar və perspektivlər” adlı tədbir keçirilib.
 
Görüşdə ölkənin marketinq fəaliyyətində hotel sənayesinin rolu, Azərbaycanın beynəlxalq bazarlarda tanınması üçün hotellərin uyğun bazarlarda satışlarının artırılması, eyni zamanda onlayn satış platformalarından istifadənin vacibliyi müzakirə olunub.
 
Tədbirdə Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosu və ümumilikdə 400 milyon istifadəçisi olan “Ctrip” və “Qyer” onlayn platformaları arasında əməkdaşlığa dair anlaşma memorandumunun əhəmiyyətindən bəhs edilib.
 
Hindistan və Rusiya bazarında ölkəni tanıdan və Azərbaycana turist axınını təmin edən seminarlar, silsilə tədbirlər və vorkşopların təşkili, eyni zamanda bu səfərlərdə hotelçilərin iştirakının vacibliyi diqqətə çatdırılıb.
 
Görüşdə ekspertlər hotellərə satışları artırmaq üçün vebsaytlardan və qonaq rəylərinin monitorinqi üçün lazımi saytlardan istifadəni təklif ediblər.
 
Eyni zamanda həm ölkənin imicini yüksəltmək, həm də turist məmnuniyyətini artırmaq məqsədilə xüsusi turizm məhsullarının yaradılmasının önəmi qeyd olunub.