Turizm Günü çərçivəsində yeni maarifləndirici sayt istifadəyə verilib

12:15 27.09.2019
Azərbaycan Turizm Bürosu 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar hazırlanmış yeni saytını istifadəyə verib.
 
Azərbaycanda turistlərin daha rahat istirahəti və səyahəti üçün müvafiq davranış qaydalarını əhatə edən turizmeqosul.az saytı sosial mediada rəqəmsal bannerlər vasitəsilə təbliğ olunacaq.
 
Sosial media istifadəçiləri rəqəmsal bannerlər vasitəsilə sayta keçid edəcək və burada nümayiş olunacaq beş mühüm davranış qaydası ilə tanış olacaqlar.
 
Bu qaydalar sırasında gülümsəmək, ehtiyac yarandıqda yardım etmək, ətrafı zibilləməmək, müxtəlif mədəniyyətlərə tolerant olmaq və milli, cinsi və digər göstəricilərindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşmaq kimi mühüm qaydalar illustrasiyalar şəklində çatdırılacaq.
 
Layihənin məqsədi yerli insanların turistlərlə münasibətlərinin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsi, bununla da turistlərin ölkəmizdən məmnunolma səviyyəsinin daha da artırılmasına nail olmaqdır.
 
Layihə BMT-nin Ümumdünya Turizm Təşkilatının 2019-cu il üçün seçdiyi “Turizm və işlər: hər kəs üçün parlaq gələcək” mövzusu əsas götürülərək ərsəyə gətirilib.