Ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək, beynəlxalq turizm bazarında Azərbaycanın etibarlı və cəlbedici imicini formalaşdırmaq və rəqabət qabiliyyətini artırmaq məqsədilə hazırlanmış 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli “Turizm haqqında” qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 fevral tarixli fərmanı dərc olunub.
Fərmana əsasən Dövlət Turizm Agentliyinə üç ay müddətində turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla təsdiq etmək, həmçinin mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarlarını təsdiq etmək tapşırılıb.
Eyni zamanda fərmana əsasən Nazirlər Kabineti tərəfindən üç ay müddətində turizm və rekreasiya zonalarının nümunəvi əsasnaməsinin layihəsi hazırlanmalı, turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası və yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydası təsdiq edilməlidir.
5 fəsil, 22 maddədən ibarət olan qanun layihəsi Milli Məclisin 2021-ci ilin dekabrın 27-də keçirilən plenar iclasında üçüncü oxunuşda təsdiqlənib.
Qanun Azərbaycanda turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.
Qanunda turizmdə xidmət keyfiyyətinin yüksəldilməsi, turoperator və turagentlərin turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməsi, eləcə də müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlaması, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mehmanxanaların (hotellərin) ulduz kateqoriyası əldə etməsi, turizm bələdçilərinin sertifikatlaşdırılması, turizm sənayesi subyektlərinin etik davranış kodeksləri və digər məqamlar haqqında hüquqi çərçivə öz əksini tapıb.
Turizm sahəsində dövlətin apardığı siyasətin əsas istiqamətləri və dövlətin bu sahədə vəzifələri müəyyənləşdirilən qanunda turizm sənayesi subyektləri barədə məlumatların toplanılmasını, reytinq cədvəllərinin formalaşdırılmasını və turizm sahəsində elektron xidmətlərin göstərilməsini təmin edəcək Turizm Reyestri haqqında məlumatlar təsbit olunub.