Turizm informasiya mərkəzlərinin rolu artırılacaq

16:14 03.07.2018
Regional turizm informasiya mərkəzlərinin fəaliyyətində yaxın zamanda ciddi dəyişikliklər ediləcək. Onlar daha innovativ, kreativ, müasir üsullarla turistlərə xidmət edəcək. Turizm informasiya mərkəzlərinin regionlarda rolu artırılacaq. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev iyulun 3-də keçirilmiş müşavirədə bəyan edib.
 
O qeyd edib ki, hər bir turist bütün bölgələrdə lazımi məlumatları əldə etmək iqtidarında olmalıdır, onların arzularının və şikayətlərinin yönəldə biləcəyi ünvan olmalıdır. Eyni zamanda Dövlət Turizm Agentliyinin qarşıya qoyduğu əsas məsələlərdən biri regionların turizm potensialının təbliğində və turizm istiqaməti kimi formalaşdırılmasında Turizm İnformasiya mərkəzlərinin rolunu artırmaqdır.
 

İyulun 3-də Bakı şəhərində Dövlət Turizm Agentliyinin tabeçiliyinə verilmiş regional turizm informasiya mərkəzlərinin rəhbərləri ilə tanışlıq görüşü keçirilib. Paytaxtda və regionlarda yerləşən 11 turizm informasiya mərkəzinin rəhbərləri təqdimatla çıxış edərək, fəaliyyət istiqamətləri, cari vəziyyət, mövcud problem və çətinliklər barəsində məlumat veriblər.

Qeyd olunub ki, növbəti bir ay ərzində Dövlət Turizm Agentliyinin nümayəndələri tərəfindən regionlarda yerləşən turizm informasiya mərkəzlərinə səfərlər təşkil ediləcək, onların iş fəaliyyətləri ilə bağlı qiymətləndirmələr aparılacaq və hesabatlar hazırlanacaq.