"Turizm Könüllüləri" Təşkilatının Gəncə və Mingəçevirdə təqdimatı keçirilib

10:24 14.11.2019
5-8 noyabrda Gəncə və Mingəçevir şəhərlərindəki təhsil ocaqlarında, həmçinin bu şəhərlərdə fəaliyyət göstərən “Gənclər evi” sosial xidmət müəssisələrində turizm könüllülüyü ilə bağlı təqdimatlar keçirilib.
 
Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və Mingəçevir Turizm Kollecində baş tutan təqdimatlarda ali təhsil və sosial xidmət müəssisələrinin rəhbərliyi, müəllim heyəti və turizm üzrə təhsil alan, habelə bu sahəyə marağı olan gənclər iştirak ediblər.
 
Görüşdə tələbələrə bildirilib ki, "Turizm Könüllüləri" Təşkilatı İctimai Birliyinin məqsədi ictimai formada turistlərə yardımın təşkili, bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığı təşviq etmək, milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə könüllü iştirakçılığın önəmini təbliğ etməkdir.
 
Diskussiya şəraitində baş tutan tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Könüllülük fəaliyyətinə marağı olan tələbələr üzvlük anketlərini doldurublar.