“Turizm Sahəsində Dual Təhsil Proqramı”nın gələcək perspektivləri müzakirə olunub

17:16 11.03.2022
Martın 11-də turizm sahəsində peşə təhsilli üzrə kadr hazırlığının gücləndirilməsi məqsədilə Dövlət Turizm Agentliyi, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə həyata keçirdiyi “Turizm Sahəsində Dual Təhsil Proqramı”nın gələcək perspektivləri müzakirə olunub.
 
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov, Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid, həmçinin tərəfdaş müəssisələrin və hotellərin nümayəndələrinin iştirak etdiyi tədbirdə proqramın cari vəziyyəti, inkişaf prioritetləri və mümkün genişləndirilmə perspektivləri haqda fikir mübadiləsi aparılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov çıxışı zamanı birgə əməkdaşlığın əhəmiyyətini, proqramın peşə təhsili alan tələbələrə qazandıracağı üstünlükləri qeyd edib. Həmçinin sənaye nümayəndələrinin tərəfdaşlığı ilə təşkil edilən layihənin genişləndirilməsinin turizm sahəsində kadr hazırlığının yüksəldilməsi prosesinə birbaşa töhfə verəcəyini bildirib.
 
Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov hotellərin proqramın həyata keçirilməsində aktiv iştirakının və peşəkar kadr hazırlığında maraqlı olmalarının əhəmiyyətini diqqətə çatdırıb.
 
“Turizm Sahəsində Dual Təhsil Proqramı”nın pilot layihə olaraq həyata keçirildiyini qeyd edən Florian Zenqstşmid bu sahədə dövlət və özəl sektor əməkdaşlığının vacib amil olduğunu, turizm üzrə mütəxəssislərin hazırlanmasında  gələcəkdə də bu kimi layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.
 
Tədbir zamanı “Turizm Sahəsində Dual Təhsil Proqramı”na Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən “Aşpaz” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisaslarında təhsil alan tələbələrin cəlb edildiyi qeyd olunub. İlkin olaraq proqramın Bakı və Qəbələ şəhərlərində yerləşən peşə təhsil müəssisələrində tətbiq olunmasına baxmayaraq, turizmin inkişaf etdiyi digər regionlar üzrə də genişləndirilməsinin perspektivləri diqqətə çatdırılıb.
 
Həmçinin bildirilib ki, sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsi, işəgötürənlərin öz kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlaması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsi proqramın əsas məqsədlərindəndir.
 
Qeyd edək ki, “Turizm Sahəsində Dual Təhsil Proqramı” Dövlət Turizm Agentliyi, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində, “Bacarıqlı Ol” usta yanında öyrənmə layihəsinin dəstəyilə həyata keçirilir.
 
Cari tədris ili ərzində proqramda iştirak edən tələbələr həftənin müəyyən günləri tərəfdaş hotellərdə praktik bacarıqlara yiyələnirlər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən olan tələbələr “Qafqaz Tufandag Mountain Resort Hotel” və “Qafqaz Resort Hotel Gabala” hotellərində təcrübə qazanırlar. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən proqrama qatılan tələbələr isə “JW Marriott Absheron Baku Hotel”, “Fairmont Baku Hotel”, “Baku Mariott Hotel Boulevard”, Hilton Hotel”, “Courtyard by Mariott Baku Hotel” və “The Merchant Baku Hotel”də praktik məşğələlərə cəlb olunurlar.