Azərbaycan Turizm Bürosunun nəzdində olan Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci ilin ilk yarısı üçün təlim proqramını elan edib.
6 müxtəlif istiqamət üzrə hazırlanmış təlim proqramına bələdçilər, turizm agentlikləri və turoperatorlar üçün kurslar, qonaqpərvərlik və qastronomiya üzrə kurslar, fərdi keyfiyyətlər üzrə kurslar, eləcə də regionlar üçün xüsusi kurslar daxil edilib.
Təlimlər turizm sənayesinin hazırda çalışan və ya müvafiq təcrübəyə malik olan nümayəndələrinin iştirakı üçün nəzərdə tutulub. Regional təlimlər istisna olmaqla, digər təlimlərin onlayn formatda keçirilməsi planlaşdırılıb.
Təlimlərdə iştirak üçün Turizm Təlim və Sertifikasiya Mərkəzinin rəsmi veb saytı https://training.tourismboard.az/ vasitəsilə ilkin sorğunu tamamlamaq tələb olunur. Təlimdə iştirak edən mütəxəssislər sonda sertifikatla təmin olunacaqlar.
Qeyd edək ki, iyul-noyabr ayları ərzində Turizm Təlim və Sertifikasiya Mərkəzi tərəfindən təşkil olunan təlimlərdə 75 nəfər işirak edib.