“Türk Hava Yolları”nın jurnalında Bakı haqda məqalə dərc olunub

10:15 17.12.2019
“Türk Hava Yolları”nın aylıq 5 milyondan çox oxucu kütləsi olan “Skylife” jurnalının dekabr buraxılışında Bakı haqqında 4 səhifəlik məqalə dərc olunub.
 
“Bakı – mədəniyyətlərin qarışdığı şəhər” adlı məqalədə oxuculara Bakıda yerləşən memarlıq abidələri, turistlərin kompakt olduğu küçələr, restoranlarda təqdim olunan qida çeşidləri və Azərbaycanın milli mətbəx nümunələri haqqında ətraflı məlumat verilir.  
 
Anita Rao Kaşi adlı müəllif tərəfindən qələmə alınan məqalədə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi kimi tarixi memarlıq abidələrinin, Bakıda xristianlığın müxtəlif qollarına məxsus kilsələrin mütləq görülməli məkanlar siyahısına daxil olduğu qeyd edilir.
 
Müəllif səfərdən zövq almaq üçün səhər, günorta və axşam saatlarında hansı məkanlara baş çəkməyin daha uyğun olduğu barədə turistlərə tövsiyələr təqdim edir.
 
Jurnal dekabr ayı ərzində “Türk Hava Yolları” vasitəsilə səyahət edən bütün sərnişinlərə təqdim olunacaq.
 
Qeyd edək ki, türk və ingilis dillərindən nəşr olunan “Skylife” jurnalının aylıq dövriyyəsi 280 mindir. Jurnalda hər ay müxtəlif ölkə və şəhərlər barədə məqalələr dərc olunur və səyahətçilərə turizmin müxtəlif növləri üzrə ixtisaslaşan destinasiyalar barədə detallı informasiyalar təqdim olunur.