Bu il ilk dəfə olaraq məhz turizm günündə ölkəmizə gələn turistlər üçün Heydər Əliyev Beynəlxalq hava limanında xüsusi qarşılanma mərasimi təşkil olunacaq və ölkəyə daxil olan hər bir turistə sərhəd buraxılış məntəqəsində milli şirniyyatlardan ibarət hədiyyələr təqdim olunacaq.
Turizm günü ilə bağlı keçiriləcək tədbirlərin davamı olaraq Bakı Turizm İnformasiya Mərkəzinin (Baku Tourism Information Center) təşkilatçılığı ilə Bakı şəhərinin əsas turistik yerlərini ziyarət etmək üçün "Baku City Tour" avtobuslarına 50% endirim tətbiq olunacaq. Avtobuslar 27 sentyabr səhər saat 10:00-dan 19:00-dək hər saatdan bir gün ərzində Hökumət Evinin qarşısından yola çıxacaq.
Gün ərzində yerli və xarici turistlər "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun xidmətlərindən pulsuz yararlana biləcəklər.
Fəvvarələr meydanında isə xalçaçı, kilimçi, papaqçı, oymaçı, zərgər, dulusçu kimi sənətkarların, eləcə də milli musiqi alətlərinin, araxçın və qurama sənətkarlıq nümunələrinin hazırlanması, keramika, gil və miniatür üzərində iş üzrə usta olan sənətkarların əl işlərindən ibarət sərgi təşkil ediləcək, master-klasslar göstəriləcək. 4 gün ərzində səhər saatlarından axşam saat 18:00-dək davam edəcək festivalda bal və milli şirniyyat nümunələri də nümayiş olunacaq.
Turizm günündə Fəvvarələr meydanında axşam saatlarında canlı musiqili konsert də təşkil ediləcək.