Azərbaycan Dünya İqtisadi Forumumunun Səyahət və Turizmin İnkişafı İndeksi üzrə göstəricilərində irəliləyib

10:06 24.05.2024
Azərbaycan Dünya İqtisadi Forumu tərəfindən dərc edilən Səyahət və Turizmin İnkişafı indeksinə əsasən əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb.

MDB ölkələri arasında ən yüksək nəticəyə malik 2-ci ölkə kimi Azərbaycanın 4 komponent üzrə göstəricilərdə mövqeyində əhəmiyyətli dərəcədə irəliləmə müşahidə olunub.

2023-cü ilin sonuna təqdim edilən məlumatlar əsasında hazırlanan hesabatda "Uyğun Mühitin Mövcudluğu” komponenti üzrə biznes mühiti, təhlükəsizlik, sağlamlıq və gigiyena, insan resursları və əmək bazarına dair göstəricilərdə, həmçinin “Səyahət və Turizm Siyasəti və Uyğunluq Şərtləri” komponenti üzrə beynəlxalq açıqlıq və qiymət rəqabətliliyi göstəricilərində, “Səyahət və Turizm Tələbinə Təsir Edən Amillər” komponenti üzrə mədəni resurslara dair göstəricidə və “Səyahət və Turizmin Dayanıqlılığı” komponenti üzrə ekoloji davamlılıq və sosial-iqtisadi dayanıqlılıq göstəricilərində yüksəlmə qeydə alınıb.

Alt-indikatorlar üzrə səyahət və turizmə dair statistik məlumatların beynəlxalq qurumların məlumat bazalarına mütəmadi olaraq ötürülməsinə dair göstərici üzrə Azərbaycan 2021-ci ildə olduğu kimi bu il də mümkün ən yüksək nəticə ilə 1-ci pillədə qərarlaşıb.

Bununla yanaşı, Qlobal Terrorizm İndeksi üzrə nəticələrə əsasən Azərbaycan əvvəlki hesabat üzrə mövqeyini 34 pillə yaxşılaşdıraraq ən təhlükəsiz ölkələr sırasında 1-ci pilləyə yüksəlib. Əlavə olaraq, gəlmə turizmində mövsümilik amili üzrə 39 pillə, illik səyahət və turizm məlumatlarının əhatəliliyi göstəricisi üzrə 28 pillə, Ümumdünya İrs Siyahısına daxil olan təbii nümunələrin sayına görə 29 pillə, rəqəmsal ödənişlər və 3G mobil şəbəkənin əhatə dairəsi göstəricilərində isə müvafiq olaraq 18 və 32 pillə irəliləyiş qeydə alınıb.

Hesabatda, həmçinin qısamüddətli icarəyə verilən evlərin sayının qonşu ölkələrlə müqayisədə daha az olması, səyahət və turizm üzrə kapital qoyuluşunun, ikitərəfli hava xidmətləri üzrə digər ölkələrlə imzalanan sazişlərin sayının, biomüxtəliflik və xüsusi mühafizə olunan təbiət ərazilərinin, ətraf mühitə dair ratifikasiya edilən müqavilələrin sayının artırılması ilə bağlı çağırışlar müəyyənləşdirilərək Azərbaycanın turizm sektorunda təkmilləşdirilməyə ehtiyac duyulan göstəricilər kimi təqdim olunub.

Qeyd edək ki, Səyahət və Turizmin İnkişafı İndeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində 2022-ci ilin oktyabr ayında aidiyyəti dövlət qurumları və biznes subyektlərindən ibarət “Turizmin inkişafı” işçi qrupu yaradılıb (https://azranking.az/working-groups). Ötən müddət ərzində işçi qrupu ölkənin sözügedən indeksdə mövqeyinin yaxşılaşdırılması istiqamətində dövlət və özəl qurumlarının əlaqələndirilmiş fəaliyyətini təşkil edib və müvafiq Fəaliyyət Planı icra olunub. Hazırda işçi qrupunun müasir çağırışlara və hədəflərə əsaslanan yeni Fəaliyyət Planının layihəsinin rəsmiləşdirilməsi aparılır.

Səyahət və Turizmin İnkişafı İndeksi (Travel and Tourism Development Index- TTDI) 2007-ci ildən etibarən iki ildə bir dəfə olmaqla turizmin iqtisadi və sosial təsirini, davamlı inkişafa təsirini, fərqli qurumlar arasındakı əməkdaşlıq imkanlarını, yerli, regional və beynəlxalq inkişaf strategiyalarını da özündə əks etdirən Dünya İqitsadi Forumu tərəfindən əvvəlki illərdə hazırlanan Səyahət və Turizm Rəqabətqabiliyyətlilik İndeksinin (Travel and Tourism Competitiveness Index) daha təkmil forması hesab edilir.