Azərbaycan Turizm Bürosu Ermənistanın Azərbaycana növbəti təcavüzü ilə bağlı xarici tərəfdaşlara müraciət ünvanladı

12:25 06.10.2020
Azərbaycan Turizm Bürosu beynəlxalq turizm tərəfdaşlarına Ermənistanın Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzü və Dağlıq Qarabağ konflikti ilə bağlı məlumat xarakterli müraciət ünvanlayıb.
 
Dövlət Turizm Agentliyi bildirir ki, müraciət cəbhə xəttində əks-hücum əməliyyatları keçirildiyi müddətdə xarici tərəfdaşların düzgün məlumatlandırılması və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması məqsədini daşıyır.
 
Müraciətdə qeyd olunur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dünyanın ən uzun müddətli münaqişələrindən biri olaraq 30 ildən çoxdur ki, davam edir. 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları və etnik təmizləmə siyasəti ilə başlayan münaqişə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf 7 rayonunun Ermənistan tərəfindən işğal edilməsi ilə nəticələndi.
 
İşğal nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı öz doğma evlərini tərk etmək məcburiyyətində qalaraq məcburi köçkün və qaçqına çevrildi, minlərlə insan öldürüldü, yaralandı, şikəst oldu.
 
Beynəlxalq hüquq normalarına əsasən Azərbaycan əraziləri Ermənistan tərəfindən qanunsuz olaraq işğal edilib. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təsdiq edən, eləcə də erməni hərbi qüvvələrinin dərhal və tam olaraq işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib (822, 853, 874 və 884).
 
Bir çox beynəlxalq təşkilatlar tərəfindən münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll edilməsinin zəruriliyi ilə bağlı sənədlər qəbul edilib.
 
1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması haqqında atəşkəs müqaviləsi imzalanıb və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesi başlanılıb.  Təəssüf ki, son 30 il ərzində məsələnin həlli ilə bağlı razılıq əldə olunmayıb və mütəmadi olaraq atəşkəs rejimi pozulub.
 
Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması ilə Azərbaycan tərəfi əks hücum əməliyyatına başlayıb.
 
Hazırda davam edən silahlı qarşıdurma turizm  bölgələrindən  və turizm dəhlizlərindən kənarda baş verməkdədir. Silahlı toqquşmalar nəticəsində ölkənin turizm infrastrukturuna heç bir ziyan dəyməyib.
Bütün bu illər ərzində Azərbaycan müharibə şəraitində yaşamasına baxmayaraq, ölkə turizminin inkişaf etdirilməsini uğurla həyata keçirərək dünya turizmində Azərbaycanın yeni turizm destinasiyası kimi tanıdılmasına nail olub.
 
Ümidvarıq ki, yaxın zamanlarda hərbi münaqişə öz həllini tapacaq və Azərbaycan yenidən turistlərin üz tutduğu populyar istiqamətlərdən birinə çevriləcək.