Azərbaycan Turizm Bürosu ətraf mühitin mühafizəsi üzrə beynəlxalq layihəyə qoşulub

14:35 24.12.2021
Azərbaycan Turizm Bürosu Qlobal Turizm Plastik Təşəbbüsünə (GTPI) qoşulub. Layihəyə qoşulmaqda əsas məqsəd turizm sektorunu ətraf mühitin plastik tullantılarla çirklənməsinə qarşı mübarizədə bir araya toplamaq, hökumət təşkilatlarını, sahibkarlar və turizm sənayesinin nümayəndələrini təkrar istifadə edilən plastik məmulatlar istehsalına keçid etməyə təşviq etməkdir.

“Bir planet” şəbəkəsinin Dayanıqlı Turizm Proqramı çərçivəsində hazırlanmış təşəbbüs BMT-nin Ətraf Mühit üzrə Proqramı (UNEP) və Ümumdünya Turizm Təşkilatı tərəfindən Ellen Makartur Fondu ilə əməkdaşlıq vasitəsilə icra edilir.

Azərbaycan Turizm Bürosu bu qlobal təşəbbüsə qoşulmaqla ölkədə fəaliyyət göstərən turizm subyektləri arasında gərəksiz plastik bağlamalar və ya əşyalardan uzaqlaşmağı təşviq etmək, birdəfəlik plastik məmulatlara ehtiyacı azaltmaq üçün təkrar emala həvəsləndirmək, eləcə də plastik məmulatların toplanması, emal edilməsi və yenidən istifadə dərəcəsini yüksəltmək üçün iqtisadi mexanizmləri asanlaşdırmaq kimi bir sıra öhdəliklərin icrasını öz üzərinə götürüb.

Qeyd edək ki, Qlobal Turizm Plastik Təşəbbüsünə 2020-ci ilin yanvarında start verilib. Hazırda 100-dən çox tərəfdaşın dəstəklədiyi təşəbbüs pandemiya nəticəsində turizm sahəsində meydana gələn çətinliklərə baxmayaraq ətraf aləmin plastik tullantılarla çirklənməsinin azaldılmasına yönəlib. Qlobal təşəbbüsə Azərbaycan Hotellər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası kimi yerli turizm sənayesinin subyektləri də qoşulub.