7-8 avqustda Qazaxıstan Respublikasının paytaxtı Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin turizm nazirlərinin 4-cü və turizm üzrə işçi qrupunun 13-cü iclası keçirilir.
Tədbirlərdə ölkəmizi Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin əməkdaşları Cəmilə Talıbzadə və Cavid Abdullayev, həmçinin turizm sənayesinin nümayəndələri daxildir.
İclasda Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri Arıstanbek Muxamediuli, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Ahmet Haluk Dursun, Qırğızıstan Respublikasının Mədəniyyət,İnformasiya və Turizm Nazirliyinin dövlət katibi Baktibek Sekimov, Özbəkistan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Saidikram Niyazhocayev, üzv dövlətlərin aidiyyəti qurumları, eləcə də aviaşirkətlər və turizm sənayesi nümayəndələri daxil olmaqla 40-a yaxın qonaq iştirak edir.
İclas zamanı türdkilli ölkələrin vahid turizm məhsulu olan “Müasir İpək Yolu” marşrutu layihəsi ətraflı müzakirə edilmiş, bu marşrutun təbliğatının və satışının genişləndirilməsi istiqamətində üzv dövlətlərin görəcəyi işlər və ümumi tədbirlər planı razılaşdırılmışdır. Görüş çərçivəsində çıxış edən səfir Rəşad Məmmədov türkdilli ölkələrin İpək Yolu layihəsi üzrə əməkdaşlığının vacibliyini vurğulamış, “Müasir İpək Yolu” marşrutu layihəsinin türkdilli ölkələrin ümumi irsinin və turizm ehtiyatlarının dünya miqyasında tanıdılmasında, eləcə də turist axınlarının sayına verəcəyi töhfədən bəhs etmişdir.
Türk Şurasının 2013-cü ildə Qəbələdə keçirilən III Zirvə toplantısı zamanı turizm sahəsinin əhəmiyyəti üzv dövlətlərin başçıları tərəfində vurğulanmış və həmin görüşdə qəbul edilmiş qərara əsasən həmin il turizm üzrə işçi qrupu yaradılmışdır. İndiyədək keçirilmiş iclaslar çərçivəsində İpək Yolu regionunda olan türkdilli ölkələr arasında münasibətlərin genişləndirilməsi, əməkdaşlıq əsasında turizmin inkişaf etdirilməsi, İpək Yoluna dair yeni turizm məhsullarının yaradılması, birgə marketinq fəaliyyətinin təşkili və digər mühüm məsələlər barədə müzakirələr aparılmış və tövsiyyələr verilmişdir.
Təşkilatın hazırda üzərində işlədiyi ən mühüm layihələrdən biri olan “Müasir İpək Yolu” layihəsidir. Layihə turistlərə 4 ölkədən (Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan) keçəcək turizm marşrutunu təklif edir. Layihənin özəlliyi ondan ibarətdir ki, turistlər dörd ölkədə olmaqla tarixi İpək Yolu boyunca uzanan bu ölkələrin mədəniyyətlərini, tarixini, adət-ənənələrini daha yaxından tanıyacaqlar. 2023-cü ilə kimi 1 milyondan çox turistin bu tupaketdən yararlanması planlaşdırılır.