Azərbaycanın ornitoloji turizm potensialına həsr olunmuş vebinar keçirilib

Azərbaycanın ornitoloji turizm potensialına həsr olunmuş vebinar keçirilib

12:26 30.06.2021
İyunun 28-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirlərindən altıncısı keçirilib.
 
Amerika Birləşmiş Ştatlarının Milli Audubon Cəmiyyətinin (National Audubon Society) dəstəyi ilə təşkil olunan vebinar “Gələcəyin uçuşları: Azərbaycanda ornitoloji turizm” mövzusuna həsr olunub.
 
Tədbirdə biologiya və ornitologiya üzrə beynəlxalq ekspert Kay Qauqer, Orta Şərq, Qafqaz və Mərkəzi Asiya Ornitoloji Cəmiyyətinin üzvü Tomas Ahen Haraldson, Milli Audubon Cəmiyyətinin direktorunun müavini Metyu Ceffri və İsrail Ornitologiya Mərkəzinin direktoru Conatan Meyrav spiker qismində iştirak edib.
 
Tədbir iştirakçılarına ornitoloji turizmin ekoturizmin vacib bir istiqaməti olması, Azərbaycanın zəngin təbiəti və biomüxtəlifliyinin bu fəaliyyət növünün inkişafı üçün münbit şərait yaratması haqqında məlumat verilib. Spikerlər Azərbaycanda ornitoloji turizmin böyük potensialı və bu sahənin inkişafı isitqamətində görülən tədbirlər, ölkədə mövcud quş növləri və müxtəlif bölgələrdə yerləşən quş müşahidəsi üçün əlverişli məkanlar haqqında danışıblar. Kay Qauqer “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisi və ətrafında məskunlaşan quş növləri və bu ərazilərdə quş müşahidəsi üçün mövcud potensialı xüsusilə vurğulayıb.
 
Qeyd edək ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanda ornitoloji turizmin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Ornitologiya sahəsində beynəlxalq ekspertlər və Azərbaycan Ornitoloji Cəmiyyəti ilə sıx əməkdaşlıq nəticəsində quş müşahidəsi üçün müxtəlif məkanlar müəyyən olunaraq mövcud quş müşahidəsi məntəqələri, əsas quş növləri və quş müşahidəsi üçün əlverişli mövsümlər barədə məlumatların verildiyi ornitoloji turizm haqqında broşür hazırlanlb, təbiət turizmi üzrə ixtisaslaşan bələdçilər üçün təlimlər keçirilib.
 
Məlumat üçün bildirək ki, indiyədək təşkil olunan “Salon” silsilə tədbirlərindən əvvəlkilər “Sülh, Saziş və Transqafqaz regionu: Azərbaycana İqtisadi Baxış” mövzusu ilə Azərbaycanın biznes mühiti və iqtisadi əlaqələrinə, “İpək Yolunda Mədəniyyət, Həyat Tərzi və Biznes: Qafqaz Regionunda Optimizm Rəmzi olan Müasir Memarlığa Diqqət” mövzusu ilə Azərbaycanda memarlıq sənətinin inkişafı və tarixinə, “Əsrlər boyunca Cazibə: Azərbaycan Xalçalarının Tarixi” mövzusu ilə Azərbaycan xalçaçılığına, “İpək Yolunun Sirləri: Azərbaycanda şərabçılıq sənayesinin gələcəyi” mövsusu ilə Azərbaycanın şərabçılıq ənənələrinə və “Liberallıq və transformasiya: Müasir incəsənətin Azərbaycanda ifadə formaları” mövzusu ilə Azərbaycanda rəssamlığın tarixi və müasir inkişaf formalarına həsr olunub.