11-20 sentyabrda Azərbaycan Turizm Bürosu tərəfindən Qazaxıstanın Almatı və Astana, Rusiyanın Yekaterinburq, Moskva və Sankt-Peterburq şəhərlərində silsilə təbliğat tədbirləri keçirilib.
Tədbirlərin təşkilində məqsəd Qazaxıstanda və Rusiyada fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələrini Azərbaycanda qış mövsümündə təklif edilən turizm məhsulları haqqında məlumatlandırmaq, həmçinin Azərbaycanın turizm sənayesi nümayəndələri ilə Qazaxıstanın və Rusiyanın turizm şirkətlərinin nümayəndələri arasında B2B (Biznesdən biznesə) formatında görüşlərin təşkil edilməsidir.
Silsilə tədbirlərdə Azərbaycan Turizm Bürosu ilə birgə “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, gəlmə turizmi üzrə ixtisaslaşmış yerli turizm şirkətləri, Bakıda və regionlarda fəaliyyət göstərən hotellər və müalicəvi kurortlar təmsil olunublar.
Qazaxıstanın turizm sənayesi təmsilçiləri ilə görüşlər zamanı Azərbaycana səfər edən qazaxıstanlı turistlərin kateqoriyasında dəyişikliyin qeydə alındığı bildirilib.
Belə ki, bundan əvvəl Azərbaycanın müalicəvi kurortlarına daha çox maraq müşahidə edilirdisə, son zamanlar Azərbaycan, xüsusilə Bakı şəhəri Qazaxıstanda gənclər arasında populyar destinasiyalardan birinə çevrilib.
Qazaxıstanın Almatı, Astana, Aktau, Aktobe şəhərlərindən Bakıya birbaşa uçuşların olmasının qarşılıqlı turist səfərlərinə töhfə verdiyi qeyd olunub.
Həmçinin Rusiya turizm şirkətləri ilə görüşlərdə rusiyalı turistlər tərəfindən Azərbaycanda fəaliyyət göstərən dağ-xizək kurortlarına marağın artdığı diqqətə çatdırılıb.
Qeyd edək ki, 2023-cü ilin ilk 8 ayı ərzində Qazaxıstan və Rusiyadan Azərbaycana səfər edənlərin sayında artım müşahidə edilib.
Belə ki, 2023-cü ilin yanvar-avqust dövründə Qazaxıstandan 35 471 nəfər, Rusiyadan isə 426 177 nəfər Azərbaycana səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 85% və 62% artım deməkdir.