Azərbaycanın xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri üçün məlumatlandırma tədbiri keçirilib

11:26 06.03.2024
Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu tərəfindən 4-5 mart tarixlərində ölkəmizin MDB, Yaxın Şərq, Afrika, Cənubi və Şərqi Asiya dövlətlərində akkreditə olunmuş diplomatik nümayəndəlikləri üçün onlayn formatda məlumatlandırma tədbiri təşkil olunub.

Onlayn tədbirin təşkilində məqsəd xarici diplomatik nümayəndəlik əməkdaşlarının Azərbaycanın turizm imkanları haqqında məlumatlılığının artırılmasıdır.

Tədbirdə Azərbaycan Respublikasının Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan, BƏƏ, İordaniya, İsrail, Küveyt, Qətər, Mərakeş, Misir, Səudiyyə Ərəbistanı, İran , İraq, Cənubi Afrika Respublikası, Cibuti, Efiopiya, Əlcəzair, Sudan, Kenya, Hindistan, Pakistan, İndoneziya, Malayziya, Filippin, Vyetnam, Çin, Koreya və Yaponiya səfirliklərinin, həmçinin Dubay və Təbrizdəki baş konsulluqlarının əməkdaşları iştirak ediblər.

Təqdimatlar çərçivəsində iştirakçılara ölkə daxilində turizm sənayesinin inkişafına yönəldilmiş təşəbbüslər, milli turizm məhsulları, xidmət növləri, tarixi-mədəni turizm marşrutları, Azərbaycan Turizm Bürosunun fəaliyyəti, hədəf bazarlarda 2024-cü il üzrə planlaşdırılan tədbirlər, gəlmə turizmi üzrə statistik göstəricilər, birbaşa aviauçuşlar və digər mövzular haqqında məlumat təqdim olunub.

Növbəti məliumatlandırma tədbirinin martın 28-də Azərbaycanın Amerika və Avropa ölkələrindəki diplomatik nümayəndəliklərinin əməkdaşları üçün keçirilməsi planlaşdırılır.