Azərbaycan "Dünya Səyahət Bazarı-2018" sərgisində təmsil olunur

02:00 05.11.2018

Azərbaycan nümayəndə heyəti Azərbaycan Turizm Bürosunun (Azerbaijan Tourism Board) təşkilatçılığı ilə ölkənin turizm potensialının dünyamiqyaslı təbliğatı məqsədilə 2018-ci ilin 5-7 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən “World Travel Market -2018” sərgisində iştirak edir. 

Sərgidə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri ilə yanaşı Bakı Turizm İnformasiya Mərkəzi (Baku Tourism Information Center), “Absheron Hotel Group”, “Baku Hospitality Group”, “Gilan Hospitality Group”, “ENC TOURS”, “OK TOURS”, “Lets GO”, “RVS Travel”, STI Azerbaijan, Turizm.Az MICE & DMC, Salam Tourism & Travel, PASHA Travel, Millennium Tourism Congress DMC, Premier Tour, Weekend Travel, “JW Marriott Absheron Baku”, “Four Seasons Hotel Baku”, “Baku City Circuit”, “Bakusightseeing.com” şirkətlərinin nümayəndələri də təmsil edirlər. 

Dünya turizm sənayesində əhəmiyyətli yerə malik olan “World Travel Market” sərgisi hər il təşkil olunmaqla dünyanın müxtəlif qitələrindən turizm sahəsinin mütəxəssislərini bir araya toplayaraq turizm imkanlarının tanıtımı və qarşılıqlı dialoq üçün ən güclü platformalardan biri kimi çıxış edir. 

190 kv-metrlik sahədə qurulan Azərbaycan stendi yeni brendə uyğun dizayn edilərək sərgi iştirakçılarına təqdim olunur. 

Sərginin ikinci günündə - 6 noyabr tarixində ilk dəfə olaraq Azərbaycanın yeni turizm brendinin beynəlxalq ictimaiyyət üçün geniş miqyaslı təqdimatı keçiriləcək. 

Qeyd edək ki, Azərbaycan 2002-ci ildən etibarən sözügedən sərgidə iştirak edir.