Azərbaycan “MITT 2019” sərgisində iştirakını uğurla davam etdirərək təşkilatçılar tərəfindən “Turizm destinasiyasının ən yaxşı təqdimatı” nominasiyası ilə təltif olunub.
Stenddə 2019-cu il mayında Bakıda təşkil olunacaq UEFA-nın Avropa Liqasının final kubokunun nümayiş etdirilməsi sərgi iştirakçılarının və ziyarətçilərin böyük marağına səbəb olur.
Qeyd edək ki, 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” (WTM 2018) sərgisindən başlayaraq bütün beynəlxalq sərgilərdə Azərbaycan stendi yeni loqo və brend konsepsiyasına uyğun olaraq dizayn edilir. Azərbaycan stendi ilin əvvəlində “EMITT 2019” “Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi”ndə “Ən yaxşı təşkil olunmuş stend” nominasiyası ilə təltif olunub.
Xatırladaq ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan Moskvada keçirilən “MITT 2019” sərgisində iştirak edir. Mart ayının 14-dək davam edəcək sərgidə ölkəmizi 20-dən çox turizm şirkəti və hotellərin nümayəndələri təmsil edirlər.
26-cı ildir ki, təşkil olunan sərgi turizm sənayesinin əsas iştirakçıları ilə ünsiyyətin qurulmasında və B2B formatlı görüşlərin keçirilməsində xüsusi əhəmiyyətli platforma rolunu oynayır.
Sərgidə iştirak edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bir sıra iri turizm şirkətlərinin nümayəndələri və dövlət rəsmiləri ilə görüşlər keçirib, Rusiyanın “Rossiya” kanalına müsahibə verərək, rusiyalı turistləri ölkəmizə dəvət edib və onları Azərbaycana bir daha baxmağa çağırıb.