Azərbaycan turistləri fərqli qarşıladı

02:00 28.09.2018

Dövlət Turizm Agentliyi tərəfindən 27 sentyabr Ümumdünya Turizm Günü münasibətilə bir sıra tədbirlər həyata keçirilib, ilk dəfə olaraq ölkəmizə gələn turistlər tamamilə fərqli qarşılanıb, 24 saat ərzində ölkəyə hava limanından daxil olan hər bir turistə sərhəd buraxılış məntəqəsində milli şirniyyatlardan ibarət hədiyyələr təqdim olunub. 

VİDEO – https://bit.ly/2NJJy8I 

Bundan əlavə, gün ərzində Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour” avtobuslarına 50% endirim tətbiq olunub, "Yanardağ" və "Atəşgah məbədi" dövlət qoruqları isə ödənişsiz fəaliyyət göstəriblər. Həmçinin Fəvvarələr meydanında milli sənətkarlıq nümunələrinin nümayişi və master-klasslar, axşam saatlarında isə canlı konsert təşkil edilib. Sənətkarların əl işlərindən ibarət sərgi 4 gün davam edəcək. 

Dövlət Turizm Agentliyi tərəfindən təşkil olunacaq növbəti irimiqyaslı tədbir - Milli Turizm Sammiti 18 oktyabr 2018-ci il tarixində Bakı Konqres Mərkəzində baş tutacaq və tədbirdə Azərbaycanın yeni milli turizm brendinin təqdimatı həyata keçiriləcək. 

Ətraflı məlumat və qeydiyyat üçün:  

https://www.turizmsammiti.az/