Fevral ayının 5-də Azərbaycan Hotel Assosiasiyasının təşəbbüsü ilə təşkilata üzv olan hotellər üçün qarşılıqlı fikir mübadiləsinə əsaslanan seminar-təlim keçirilib. Tədbir Azərbaycan Turizm Bürosu ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Seminar-təlimdə hotel nümayəndələri ilə Azərbaycan Turizm Bürosunun müxtəlif şöbələrinin əməkdaşları arasında görüşlər keçirilib, hotellərin turizm sənayesindən gözləntiləri ilə bağlı fikirləri dinlənilib.
İştirakçılara dünyanın 6 əsas hədəf bazarında həyata keçirilən və planlaşdırılan fəaliyyətlər, ölkəmizdə isgüzar turizmin inkişaf etdirilməsində hotellərin üzərinə düşən rolun vacibliyi barəsində məlumat verilib.
Hotellərin nümayəndələri ilə yeni turizm məhsullarının yaradılması starategiyası haqqında fikir mübadiləsi aparılıb, beynəlxalq sərgilərdə hotellərin iştirak proseduru ilə bağlı suallar cavablandırılıb.
Ümumilikdə hotelçilik sənayesinin 50-yə yaxın nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanın turizm potensialının xaricdə tanıdılmasında hotelçilik sənayesinin fəaliyyəti müzakirə olunub.
İştirakçıların marağı nəzərə alınaraq Azərbaycan Hotel Assosiasiyası tərəfindən mütəmadi olaraq üzv hotellər üçün bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.