Azərbaycanın turizm potensialı Almaniyada təqdim olunacaq

18:11 05.03.2019

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti ölkənin turizm potensialının beynəlxalq təbliğatı məqsədilə 6-10 martda Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin 2019” beynəlxalq sərgisində iştirak edəcək.

 

Sərgidə ölkəmizi müxtəlif turizm şirkətləri və hotellərin nümayəndələri təmsil edəcək. Azərbaycanın stendi yeni turizm brendinin əsas şüarı “Bir daha bax” (Take another look) konsepsiyasına müvafiq olaraq dizayn edilərək dünya turizm sənayesinin ən böyük iştirakçılarına çatdırılacaq.

 

Sərginin ilk günü Almaniyanın ən böyük turizm və səyahət şirkətlərinin nümayəndələri və influenserlerinin iştirakı ilə Azərbaycan mədəniyyətinin tanıtımı üçün xüsusi tədbir təşkil olunacaq. Tədbirdə fotoqraf Orxan Aslanovun “Mənim Azərbaycanım“ adlı foto sərgisi nümayiş etdiriləcək, bəstəkar və pianoçu İsfar Sarabski çıxış edəcək, tarda milli musiqilərimiz tədbir iştirakçılarına təqdim olunacaq.

 

53-cü ildir təşkil olunan sərgidə Azərbaycan 2003-cü ildən iştirak edir.