Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə “Bir daha bax” (“Take another look”) şüarı əsasında hazırlanan tanıtım videoçarxı Latviyanın Riqa şəhərində keçirilən 12-ci “Turfilm Riqa 2019” festivalında mükafata layiq görülüb.
Videoçarx namizədliyi festivala təqdim edilmiş 173 film arasından beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən seçilərək “Turizm destinasiyası – ölkə” nominasiyası üzrə 2-ci yerlə təltif olunub.
Mükafat 2018-ci ildən fəaliyyət göstərən Riqadakı Azərbaycan Ticarət Evinin nümayəndəsinə təqdim olunub.
Xatırladaq ki, tanıtım videoçarxı “Transform” jurnalı tərəfindən Dubayda hər il təşkil olunan mükafatlandırma mərasimində 6 nominasiya üzrə qalib seçilib. İspaniyanın Tortosa şəhərində keçirilən “Terres Festival 2019” festivalında isə “Turizm destinasiyası” nominasiyası üzrə 2-ci yerlə mükafatlandırılıb.
Azərbaycan turizminin qlobal bazarda tanıdılması üçün hazırlanan yeni turizm brendinin əsas simvolları – bir-birilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüar dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Yeni brendin dünya ictimaiyyətinə təqdimatı 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutub.