Bakı dünyanın astronovtika üzrə ən böyük tədbirinə ev sahibliyi edəcək

Bakı dünyanın astronovtika üzrə ən böyük tədbirinə ev sahibliyi edəcək

14:22 27.10.2019
Bakı şəhəri 2022-ci ildə keçiriləcək 73-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb.

Bu barədə qərar oktyabrın 25-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş səsvermə nəticəsində qəbul olunub.
 
Tədbirə ev sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu-Dehli şəhərləri də yer alıb.

"Azərkosmos" ASC, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin uğurlu əməkdaşlığı Bakı şəhərinin digər namizəd şəhərlər üzərində qələbəsi ilə nəticələnib.

Namizədliyin elan edildiyi ilk gündən etibarən Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Konqreslər Bürosu tərəfindən aparılan uğurlu təbliğat işi, həmçinin paytaxtın turizm və təşkilatçılıq imkanlarının peşəkar şəkildə təqdimatı Azərbaycana astronovtika üzrə böyükmiqyaslı tədbirə ev sahibliyi etmək hüququ qazandırıb.

68 ölkədən 398 təşkilatın üzv olduğu Beynəlxalq Astronavtika Federasiyasının əsas tədbiri hesab olunan Beynəlxalq Astronavtika Konqresində dünyanın kosmik sahədə aparıcı agentlikləri və elm mərkəzləri, beynəlxalq təşkilatlar, məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6 mindən çox nümayəndəsinin iştirakı gözlənilir.

Xatırladaq ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun əsas məqsədi ölkəmizin işgüzar turizm imkanlarını tanıtmaqla irirmiqyaslı beynəlxalq səviyyəli tədbirlərin Azərbaycana cəlb edilməsinə nail olmaq, ölkənin işgüzar turizm nüfuzunu gücləndirməkdir.