Bakıda almandilli bələdçilər üçün təlim keçirilib

10:01 14.11.2019
3-9 noyabrda Azərbaycan Turizm Bürosu və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramı ilə əməkdaşlıq edərək bələdçi xidmətlərinin təkmilləşdirilməsi məqsədilə Bakı şəhərində faəliyyət göstərən almandilli bələdçilər üçün təlim keçiriblər.
 

Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının (WFTGA) aparıcı təlimçisi Felisitas Ressniqin iştirakı ilə keçirilən təlimdə aktiv şəhər bələdçiləri iştirak ediblər.

Təlim ərzində iştirakçılara beynəlxalq standartlara əsaslanan praktiki və nəzəri biliklər tədris edilib, peşə etikası, məhdud fəaliyyət qabiliyyətli turistlərlə iş, tur ərzində təhlükəsizlik qaydalarına riayət etməyin mühümlüyü ilə bağlı informasiyalar verilib.

Təlim çərçivəsində keçirilən imtahanda uyğun bal toplamış iştirakçılar dekabr ayı ərzində Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası tərəfindən akkreditasiya edilmiş sertifikatlarla təltif ediləcəklər.