Daxili turizmin təbliğatı üçün yeni layihəyə start verilib

Daxili turizmin təbliğatı üçün yeni layihəyə start verilib

13:40 13.07.2020
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə ölkəmizin daxili turizm potensialının təbliğatı və mövcud yerli turizm imkanların tanıdılması məqsədilə məlumatlandırıcı və maarifləndirici layihənin icrasına başlanılıb.
 
"REAL Vətən" layihəsi çərçivəsində videoçəkiliş işlərinin, eləcə də televiziya kanalında və sosial şəbəkələrdə yayımlanması xidmətlərinin satın alınması məqsədilə Dövlət Turizm Agentliyinin elan etdiyi tenderin qalibi "TV Media Azerbaijan" MMC şirkəti olub.
 
İcraçı ilə bağlanmış müqavilə əsasında “REAL” TV-də yayımlanan “REAL Vətən” telelayihəsi üzrə regionların tarixi, təbiəti, tarixi şəxsiyyətləri, mədəniyyəti, mətbəxi haqqında geniş məlumatlar ictimaiyyətə təqdim ediləcək.
 
Ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.
 
Qeyd edək ki, layihə çərçivəsində ilk veriliş “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu və Şəki şəhərinə, ikinci veriliş isə Qax şəhərinə həsr olunub.
İkinci buraxılışın videosunu təqdim edirik: