2018-ci ilin avqustunda sağlam və təmiz qida sahəsində dünya üzrə qlobal təşkilat olaraq fəaliyyət göstərən “Slou Fud”un (Slow Food) təşəbbüsü ilə “Azərbaycanda Böyük Qafqaz regionunun kənd ərazilərində dəyər zəncirinin yaradılmasının təkmilləşdirilməsi” adlı 3 illik layihəyə start verilib.
Layihə “Paşa Travel” şirkəti ilə əməkdaşlıq çərçivəsində Heyvanların müdafiəsi İctimai Birliyi və Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının tərəfdaşlığı, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.
İlkin olaraq “Slou Fud” modellərinin tətbiq olunması üçün Şəki, Qəbələ, Şamaxı, İsmayıllı və Qax rayonları ərazisində həyata keçirilməsi planlaşdırılan layihə çərçivəsində yerli qida məhsullarının istehlakının təşviqi üzrə milli kampaniyanın, Azərbaycanda kənd təsərrüfatının inkişafı üzrə beynəlxalq kampaniyanın, Azərbaycan nümayəndə heyətinin “Slou Fud”un beynəlxlaq tədbirlərində iştirakını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Layihə aqro-biomüxtəliflik və mədəni irsin qorunması, yerli qastronomiyanın dəyərinin artırılması, əhalinin gəlirlərinin potensial davamlılığı ilə yanaşı turistik məhsulların inkişafı kimi müxtəlif məsələləri əhatə edəcək.
Uzunmüddətli məqsədlər sırasına təbii ehtiyatların istifadəsinin optimallaşdırılması, işsizlik səviyyəsinin və kənd təsərrüfatı miqrasiyasının azaldılması, həmçinin ərazinin dayanıqlılığının artırılması daxildir. Lahiyənin həyata keçirilməsi ilə qida məhsulları istehsalının dinamik inkişafının təkcə kənd ərazilərində deyil, eyni zamanda kənd təsərrüfatı məhsullarının əsas satış bazarı olan şəhər mərkəzlərində də məşğulluğun artırılması və saxlanılmasında müsbət rol oynayacağı planlaşdırılır. Həmçinin kənd ərazilərinin inkişafına yeni yanaşmaların tətbiq edilməsi Azərbaycan iqtisadiyyatının diversifikasiyalaşması üçün xüsusi əhəmiyyət kəsb edərək, sosial stabilliyin təmininə də dəstək vermiş olacaq.