Dövlət Turizm Agentliyinin əməkdaşları üçün fəaliyyətin planlaşdırılması və vaxtın idarə edilməsinə dair təlim keçirilib

16:11 06.10.2026
Oktyabrın 6-da Dövlət Turizm Agentliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndələri tərəfindən “Nəticələrin əldə olunmasına yönəlmiş fəaliyyətin planlaşdırılması və vaxtın effektiv idarə edilməsi” mövzusunda təlim keçirilib.

Təlimdə nəticəyönümlü fəaliyyətin planlaşdırılması, məqsədlərin düzgün müəyyənləşdirilməsi və vaxtın səmərəli idarə olunması ilə bağlı yanaşmalar barədə məlumat verilib.

Təlim çərçivəsində məqsədlərin SMART metoduna uyğun olaraq konkret, ölçülə bilən, əldə edilə bilən, uyğun və müddətli şəkildə müəyyənləşdirilməsi məsələlərinə toxunulub. Nəticəyönümlü məqsədlərin formalaşdırılması real nümunələr üzərindən izah edilib.

İştirakçılara fəaliyyətin nəticədən geriyə doğru planlaşdırılması, planın əsas elementlərinin müəyyənləşdirilməsi, o cümlədən aralıq nəticələr, asılılıqlar, qərar nöqtələri və kritik mərhələlərin nəzərə alınması barədə məlumat verilib. Eyni zamanda mümkün risklərə uyğun cavab tədbirlərinin müəyyənləşdirilməsi və fəaliyyət prosesində diqqətin idarə olunmasının əhəmiyyəti vurğulanıb.

Təlim zamanı vaxt bölgüsü, planlaşdırmanın dəqiqliyi, iş axınının səmərəliliyi, məhsuldarlığa təsir edən davranış profilləri, eləcə də vacib və təcili tapşırıqların prioritetləşdirilməsi məsələləri müzakirə olunub.

Praktiki hissədə iştirakçılar qrup tapşırıqlarında iştirak edərək nəticədən geriyə planlaşdırma, diqqətin düzgün yönəldilməsi və tapşırıqların prioritetləşdirilməsi üzrə yanaşmaları tətbiq ediblər.