DTA əməkdaşlarından ibarət 6 nəfərlik heyət Xınalığa ezam olunub

15:03 03.08.2018
“Xınalıq dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu”nun mədəni, tarixi və etnoqrafik məkan kimi qorunması və turizm imkanlarının inkişaf etdirilməsi üçün mövcud vəziyyətin qiymətləndirilməsi məqsədi ilə Dövlət Turizm Agentliyinin əməkdaşlarından ibarət 6 nəfərlik heyət Xınalığa ezam olunub. Missiyanın məqsədi aşağıdakılar olub:
 
- İcmanın yerli ehtiyaclarını qiymətləndirmək;
- Ərazidə infrastrukturla bağlı problemləri müəyyənləşdirərək həll yollarını müzakirə etmək;
- Ərazinin turizm imkanlarını dəyərləndirmək;
- Maddi və qeyri-maddi tarixi-mədəni irsi qiymətləndirmək;
- Ərazidə turizmin inkişafına yönəlik “dəyər zənciri”ni formalaşdırmaq;
- Qeyd olunan “dəyər zənciri”ndə mövcud və potensial turizm fəaliyyətlərini və xidmətlərini müəyyən etmək.
 
Bir günlük səfərin sonunda qeyd edilmiş məqsədlərlə bağlı toplanılmış məlumatlar əsasında ilkin aralıq hesabatın, daha sonra isə yekun hesabatın hazırlanması və bu hesabatlar əsasında Xınalıqla bağlı dörd istiqamət üzrə tədbirlər planının qəbul edilməsi planlaşdırılır.
 
1. Yerli icmanın maarifləndirilməsi və bu istiqamətdə məlumatlandırma xarakterli təlimlərin təşkili;
2. Yaşayış və turizm üçün vacib olan infrastruktur məsələlərinin həlli;
3. Qoruğun turizm istiqamətində görülməsi planlaşdırılan işlərlə bağlı tədbirlər planının hazırlanması;
4. Qoruğun idarəetmə baxımından çevik, səmərəli və rentabelli quruma çevrilməsi istiqamətində işlərin görülməsi.
 
Qeyd edək ki, Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev iyul ayında “Xınalıq dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu”na baxış keçirərək tarixi diyarın turistlər üçün daha cəlbedici turizm məkanına çevrilməsinə dair tapşırıqlar vermiş, qoruğun unikal görünüşünün və qədimiliyinin qorunub saxlanması ilə yeni infrastruktur layihələrinin gerçəkləşdirilməsi qərarlaşdırılmışdı.