DTA və UNESCO İpək Yolu üzrə əməkdaşlıq edəcək

14:49 27.06.2023
İyunun 26-da Dövlət Turizm Agentliyi ilə UNESCO arasında İpək Yolunun turizm potensialının birgə öyrənilməsi üzrə əməkdaşlıq haqqında niyyət sənədi imzalanıb.

Sənəd Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos tərəfindən imzalanıb.

Niyyət sənədi İpək Yolu üzərində turizm perspektivlərinin araşdırılması və bu istiqamətdə həyata keçiriləcək gələcək layihənin detallarının işlənib hazırlanmasını ehtiva edir.
 
Xatırladaq ki, iyunun 25-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə turizm sahəsində həyata keçirilən layihələr, eləcə də mədəni irsin qorunması istiqamətində aparılan işlər, Azərbaycanın UNESCO-nun mədəni irs siyahısında yer alan mədəni və tarixi nümunələrinin təbliği ilə bağlı əməkdaşlığın artırılması, turizm sahəsində təcrübə mübadiləsi, UNESCO və Azərbaycanın İpək Yolu boyunca ortaq mirasın tanıdılması və istifadəsi, həmçinin digər məsələlər ətrafında fikir mübadiəsi aparılıb.