Fuad Nağıyev: “İşğal edilmiş ərazilərin turizm imkanlarının təbliğatı yolverilməzdir”

14:36 13.09.2019
“İşğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm təbliğatı qətiyyən yolverilməzdir”.

Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasındakı çıxışında danışıb.

Turizmdə etik normaların vacibliyindən danışan Agentlik sədri bildirib ki, Ümumdünya Turizm Təşkilatı çərçivəsində qəbul olunmuş etik və sivil qaydalara riayət olunduqda o daha da effektiv quruma çevrilir.

Fuad Nağıyevin sözlərinə görə beynəlxalq platformalarda, sərgilərdə bəzi ölkələr təxribatlara yol verir və bu qətiyyən yolverilməzdir, bu halların qarşısı alınmalıdır.

Xatırladaq ki, sentyabrın 9-da Rusiyanın Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb.

65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs iştirak etdiyi sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alır.