Fuad Nağıyev türkiyəli jurnalist və bloqqerlər üçün təşkil olunmuş mediaturda iştirak edib

10:49 16.10.2019

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak məqsədilə Bakıya gəlmiş türkiyəli jurnalist və bloqqerlərdən ibarət nümayəndə heyəti üçün oktyabrın 15-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna mediatur təşkil olunub.

Dövlət Turizm Agentliyi tərəfindən 60-a yaxın jurnalist və bloqqerdən ibarət heyət üçün təşkil olunmuş mediaturda Agentliyin sədri Fuad Nağıyev də iştirak edib.

Onlara “Atəşgah məbədi”nin tarixi, ölkədə turizm baxımından mühüm əhəmiyyət kəsb edən tarixi abidələr və ümumilikdə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlar verilib.

Qonaqlarla iki ölkə arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi, xüsusilə Azərbaycanın turizm imkanlarının təbliği istiqamətində müzakirələr aparılıb.

Mənbə: AzərTAc