Fuad Nağıyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

10:30 08.03.2019
Dəyərli xanımlar,
 
Bu gün dünyanın bir çox ölkələrində Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur.
Müasir dünyada gender bərabərliyinin və qadın hüquqlarının təmininin cəmiyyətin harmonik inkişafının əsasını təşkil etməsi danılmaz fakt kimi qəbul olunub.

Azərbaycan qadını xalqımızın mənəvi dəyərlərinin əsas daşıyıcısı kimi cəmiyyətimizdə fərdlərin şəxsiyyət kimi yetişməsində xüsusi rola malikdir.

Gənc nəslin milli-mənəvi ruhda tərbiyəsində, tariximizin, mədəniyyətimizin gələcək nəsillərə çatdırılmasında Azərbaycan qadınının fədakarlığının və zəhmətkeşliyinin, mənəvi və intellektual səviyyəsinin təsiri önəm kəsb edir.

İqtisadiyyatın bir çox sahəsi kimi, turizmin də inkişafında təhsilli, maarifpərvər və işgüzar xanımların verdiyi töhfələr təqdirəlayiqdir.

Turizm sahəsində çalışan xanımların timsalında bütün Azərbaycan qadınlarına zəriflik və gözəlliklə yanaşı, əzmkarlıq, şəxsi və peşəkar iş həyatlarında uğurlar arzulayıram.

Turizmin inkişafına, ölkəmizin müsbət imicinin formalaşmasına və Azərbaycanın turizm potensialının təbliğinə verdiyiniz töhfələr üçün hər birinizə minnətdarıq. Siz bizim üçün hər zaman dəyərlisiniz.

Hörmətlə,
Dövlət Turizm Agentliyinin sədri
Fuad Nağıyev