İstanbulda Azərbaycanın işgüzar turizm imkanları tanıdılır

14:12 25.05.2022
Azərbaycanın işgüzar turizm imkanları mayın 25-də İstanbul şəhərində işinə başlayan “ACE of MICE” beynəlxalq turizm sərgisində nümayiş etdirilir.

Sərgidə ölkəmizi Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə turizm agentlikləri, hotellər, Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi və “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla 13 təşkilat təmsil edir.

Sərgi çərçivəsində Azərbaycanda işgüzar tədbirlər təşkil etməkdə maraqlı olan və işgüzar turizm üzrə ixtisaslaşmış şirkətlər və qurumlarla ikitərəfli görüşlər keçirilir, ölkəmizin bu sahədə potensialı tanıdılır.

Görüşlərdə beynəlxalq tədbirlərin və biznes görüşlərin keçirilməsi üçün geniş və müasir imkanlara malik Qafqazın ən böyük konqres mərkəzi hesab olunan Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi və Bakı Ekspo Mərkəzi kimi beynəlxalq səviyyəli məkanlar haqqında məlumatlar diqqətə çatdırılır.

Sərgidə Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) İdarə Heyətinin sədri Firuz Bağlıkaya Azərbaycan stendini ziyarət edərək Azərbaycanın Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Bəhruz Əsgərovla fikir mübadiləsi aparıb və sərgi iştirakçılarına uğurlar arzulayıb.

“ACE of MICE” sərgisində maraqlı tərəflərlə, həmçinin Bakı şəhəri və regionlarda yerləşən orta və irimiqyaslı işgüzar tədbirlər keçirmək imkanına malik turizm infrastrukturları və hotellər, o cümlədən Qarabağın turizm potensialı haqqında məlumatlar bölüşülür.

İstanbul Konqres Mərkəzində “Türk Hava Yolları” tərəfindən təşkil olunan sərgi mayın 27-dək davam edəcək.

İşgüzar turizm imkanlarının tanıdılmasında əsas məqsəd beynəlxalq konqres, konfrans, forum və biznes görüşləri kimi işgüzar tədbirləri ölkəmizə cəlb etməklə, işgüzar məqsədlərlə səfər edənlərin sayının artırılmasına nail olmaqdır.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu tərəfindən bu sahənin təbliğatı və Azərbaycana böyükmiqyaslı tədbirlərin cəlb olunması məqsədilə müxtəlif dövlət qurumları və özəl sektorla əməkdaşlıq edilir.

Sayca 9-cu olan “ACE of MICE” beynəlxalq turizm sərgisi dünyanın üçüncü ən böyük konqres, toplantı və tədbir sərgisi hesab olunur.